III
COĞRAFİYA XƏRİTƏLƏRİ
COĞRAFİYA XƏRİTƏLƏRİ VƏ
ONLARIN ƏHƏMİYYƏTİ
Yer səthində olan obyektləri, onların ölçülərini və istiqamətlərini müəyyən
etmək üçün coğrafiya xəritələri tərtib edilir. Coğrafiya xəritəsi - Yer səthinin
və ya onun bir hissəsinin müstəvi üzərində, şərti işarələrlə, kiçildilmiş və
ümumiləşdirilmiş təsviridir. Planda olduğu kimi, xəritədə də yer səthində olan
obyektlər şərti işarələrin köməyi ilə, müstəvi üzərində təsvir olunur. Xəritələr
plandan bir neçə əlamətinə görə fərqlənir. Bunun bir neçə səbəbi vardır.
Xəritələrin üzərində sahəsinə görə fərqlənən müxtəlif ərazilər təsvir olunur. Bu
ərazilərə bütün yer səthi daxil ola bilər, onun müəyyən hissəsi verilə bilər, əksər
hallarda ayrı-ayrı ölkələrin xəritələri tərtib olunur. Bu xəritələrin müəyyən ölçüdə
olması üçün əraziləri müxtəlif dərəcədə kiçiltmək lazım gəlir. Ona görə də xəritələrin
miqyası müxtəlif olur. Coğrafiya xəritələrinin miqyası məhəllin planının
miqyasına nisbətən kiçik olur. Xəritənin üzərindəki 1 sm-ə yer səthində onlarla və
yüzlərlə km məsafə uyğun gəlir. Məsələn, Azərbaycanın fiziki xəritəsi 1:600 000
miqyasda, dünyanın fiziki xəritəsi 1:20 000 000 miqyasda olur.