|
|
Səyahətə və uzunmüddətli səfərə çıxan ekspedisiya üzvləri getdiyi istiqaməti bilmədən son məntəqəyə çata və ya geri dönə bilməzlər. Hərəkətin istiqaməti isə üfüqün cəhətlərini dəqiq təyin etməklə müəyyən olunur.
Üfüq – açıq yerdə, düzənlikdə və ya dənizdə ərazinin gözlə görünən hissəsidir. Onun kənarlarında sanki səma yer səthi ilə birləşir. Bu xətt üfüq xətti hesab edilir. Açıq havada insan ətrafda 4 km-ə qədər məsafəni görə bilir. Hündürlük artdıqca üfüqün görünən hissəsi genişlənir. Üfüqdə hansı istiqamətə hərəkət etmək lazım gəldiyini təyin etmək üçün onun cəhətlərini bilmək lazımdır.
Üfüqün cəhətləri – üfüqdə istiqamətin təyin olunması üçün istifadə edilən tərəflərdir. Üfüqün dörd əsas cəhəti vardır – şimal, cənub, şərq və qərb. Üfüqün əsas cəhətləri ilə yanaşı, istiqamətin daha dəqiq təyin edilməsi üçün aralıq cəhətlər də istifadə olunur. Onun aralıq cəhətlərinə şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb aiddir. Üfüqün cəhətlərini təyin etmək üçün adətən əvvəlcə şimal-cənub istiqaməti müəyyən olunur. Daha sonra, şimal istiqamətinə əsasən üfüqün digər istiqamətləri təyin edilir. Sadə üsullardan biri Günəşin çıxması və günorta vaxtı üfüqdə olan vəziyyətinə əsasən təyin olunmasıdır.