Ləvazimat: dərslik, 6-11-si siniflər üçün atlas
Məqsəd: yaşadığınız ərazinin ekoloji vəziyyətinin öyrənilməsi, yaşayış üçün yararlıolma səviyyəsinin qiymətləndirilməsi.
Ərazinin ekoloji vəziyyətinin öyrənilməsi iki istiqamətdə aparıla bilər.
Birincisi, təbii komponentlərin istifadəetmə sahələrində onlara dəyən ziyanı və ətraf mühitin çirklənmə mənbələrini müəyyən etmək lazımdır. Burada digər tullantı mənbələrinin və təbiətə ziyan vuran mərkəzlərin də öyrənilməsi tələb olunur. Təbii sərvətlərin istifadəetmə səviyyəsi və onların təsirini müəyyən etmək üçün aşağıdakı göstəricilər haqqında məlumatların olması zəruridir:
- torpaqların becərilmə vəziyyəti, suvarmanın aparılma üsulları (açıq, damcı və ya çiləmə), onların yeraltı suların qalxmasına və torpaqların şoranlaşmasına təsiri;
- kənd təsərrüfatında mineral gübrələrdən istifadə və onların torpaqların çirklənməsinə təsiri;
- ətraf mühitə zəhərli, maye və bərk tullantılar atan mənbələr, onların vurduğu ziyanın səviyyəsi;
- rayonda və ya şəhərdə avtomobillərin sayı, onların atmosferə təsiri.
İkincisi, təbiətin qorunması üçün həyata keçirilən tədbirlərin də müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir:
- mövcud meşə sahələrinin olması;
- yollar boyu, yamaclarda, digər sahələrdə meşə zolaqlarının salınması;
- qorunan ərazilərin olması, burada qorunan bitki və heyvan növləri;
- yaşayış məntəqələrində mərkəzi kanalizasiya şəbəkəsinin olması, ona qoşulan şəhərlər və kəndlər, digər çirklənmə mənbələri;
- tullantıların emal mərkəzlərinin olması;
- çirklənmiş sahələrin bərpası üçün tədbirlərin görülməsi, onların əhatə etdiyi ərazilərin payı.
Göstərilən hər iki istiqaməti 50 bal olmaqla, yaşadığınız ərazinin ekoloji vəziyyətini 100 bal sistemi ilə qiymətləndirmək olar. Bunun əsasında rayonun ekoloji vəziyyətini üç səviyyədə qrupa bölmək mümkündür: yaşayış üçün əlverişlidir, az əlverişlidir, yaşayış üçün əlverişli deyil.
|