İnsanların əmək fəaliyyəti ilə məşğul olmaq, məhsul istehsal etmək imkanları böyükdür. Cəmiyyət inkişaf etdikcə məşğuliyyət sahələri genişlənmiş, istehsal edilən məhsulların çeşidi və həcmi artmışdır. Lakin bir insan, onların müəyyən qrupları, regionlar, hətta ölkələr təsərrüfatın bütün sahələri ilə məşğul ola bilməz. Tələb olunan bütün məhsulları hər yerdə istehsal etmək mümkün deyil. Ona görə də cəmiyyətin inkişafının ilkin dövrlərindən başlayaraq əmək bölgüsü yaranmışdı. Bu zaman müəyyən insan qrupları, şəhərlər, orada fəaliyyət göstərən zavodlar və fabriklər az sayda məhsul istehsal edirdi. Onların satılması, zəruri olan digər məhsulların alınması yaşayış üçün vacib tələbat olmuşdur. |
|
|
Əmək bölgüsü insanların müəyyən fəaliyyət sahələri ilə məşğul olmasıdır. Bu bölgü cəmiyyətin inkişafının ilkin vaxtlarından yaranmışdı. Qəbilə təsərrüfatlarında əmək bölgüsü kişilər və qadınlar arasında olmuşdu. Kişilər qida dalınca gedir, ərzaq toplayır, heyvan ovlayır, balıqçılıqla məşğul olurdular. Bu vaxt ev təsərrüfatının idarə edilməsi ilə qadınlar məşğul idi. Onlar yemək hazırlayır, uşaqlara baxır, yeri gəldikdə parça toxuyur, paltar tikirdilər. Bu halda ev təsərrüfatı qadınların əməyindən asılı olurdu. Ona görə təsərrüfatların belə idarə edilməsi “analıq təsərrüfatı” kimi qəbul edilir.
Sonrakı dövrlərdə kənd təsərrüfatının inkişafı baş verdi. Onun iki mühüm sahəsi olan əkinçilik və heyvandarlıq arasında əmək bölgüsü yarandı. Bu sahələrlə eyni vaxtda bir ərazidə məşğul olmaq çətinliklər yaradırdı. Ona görə ki, əkinçiliklə məşğul olmaq üçün oturaq həyat tərzi sürürdülər.