Ləvazimat: dərslik, 6-11-ci siniflər üçün Atlas, “Dünyanın siyasi xəritəsi”, "Azərbaycanın siyasi-inzibati xəritəsi".
Məqsəd: dünya ölkələrinin siyasi xəritəsinin öyrənilməsi, xəritədə şəhərlərin fərqləndirilməsi, paytaxt şəhərlərin ayrılması.
“Dünyanın siyasi xəritəsi” ölkələrin yerləşdiyi ərazilərin müəyyən edilməsi, onların qarşılıqlı mövqeyinin öyrənilməsi üçün mühüm mənbədir. Siyasi xəritədə ölkələr müxtəlif rənglərlə göstərilir. Əksər xəritələrdə bir ölkənin ərazisi həmişə eyni rənglərlə verilir. Bu isə ölkələrin yerinin müəyyən edilməsi və öyrənilməsi işini asanlaşdırır. Siyasi xəritəyə baxarkən aydın şəkildə görmək olur ki, Rusiya çəhrayı, Çin sarı, Kanada və Avstraliya yaşıl rənglə göstərilir.
Fəaliyyət:
|
Siyası xəritədə bu rənglərdə daha hansı ölkələrin göstərildiyini müəyyən edin.
|
Dünyanın siyasi xəritəsində kiçik ərazilərə malik olan ölkələrin sayı da çoxdur. Onların adlarının və paytaxtlarının xəritədə yazılmasında çətinliklər yaranır. Ona görə bu qrup ölkələrin adı rəqəmlərlə göstərilir, xəritənin aşağısında adı, bəzən paytaxtı yazılır. Məsələn, 6-11 siniflərin Atlasında 70-dən yuxarı ölkənin adı rəqəmlərin köməyi ilə verilir. Burada aydın şəkildə görünür ki, Avropa ölkələrinin əksəriyyəti, Mərkəzi Amerikada olan ölkələr rəqəmlərlə göstərilir. Azərbaycan isə xəritədə 22-ci ölkədir.
Xəritədə rəqəmlərlə göstərilmişdir:
20. Gürcüstan 21. Ermənistan 22. Azərbaycan 23. Qırğızıstan 24. Tacikistan |
Fəaliyyət:
|
Siyası xəritədə bu qrupa daxil olan əraziləri tapın, ölkələr üzrə qruplaşdırın. Müəyyən
etdiyiniz əraziləri kontur xəritəyə köçürün.
|
Dünyada müstəmləkə sistemi XX əsrin 60-cı illərində tamamilə dağılmışdır, lakin hələ də siyasi xəritədə bəzi asılı ərazilər qalır. Onların adı yazılarkən hansı ölkəyə məxsus olması da göstərilir. Bu qrup ərazilərin əksəriyyəti Mərkəzi Amerikada və Okeaniyada yerləşir. Digər ərazilərdə də müstəmləkələr qalır. Böyük Britaniyadan asılı olan ərazilərə Argentina sahillərində yerləşən Folklend adaları, Pireney yarımadasında Cəbəllütariq, Atlantik okeanında Müqəddəs Yelena adası, Amerikada olan çoxsaylı kiçik adalar aiddir. Okeaniyada olan Quam və Şərqi Samoa adaları ABŞ-a məxsusdur, Yeni Kaledoniya adasını isə Fransa öz ərazisi hesab edir.