|
Hər bir ölkənin inkişafında yerləşdiyi ərazinin təbii-coğrafi şəraiti, faydalı qazıntıların olması, dəniz və okeanlara yaxınlıq mühüm əhəmiyyət kəsb edir. Qonşu ölkələrlə əlaqələrin olması da çox vacibdir. Bu əlaqələrin qurulmasına dağlar və əlverişsiz təbii şəraitin olması mane ola bilər. Bununla yanaşı, qonşu ölkələrin iqtisadi imkanlarından istifadə edilməsi, məhsulların satılması və ya alınması, onun ərazisindən keçməklə yüklər və sərnişinlərin daşınması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üçün Rusiya, Gürcüstan, İran, Türkiyə ilə qonşu olmaq əhəmiyyətlidir. Lakin qonşu Ermənistan ilə iqtisadi əlaqələrimiz yoxdur. |
|
Azərbaycan Respublikası Şimal və Şərq yarımkürələrində, Avrasiyanın cənubqərbində, İspaniya, Yunanıstan, Türkiyə, Çin və Koreya ilə demək olar ki, eyni coğrafi enlikdə yerləşir. Azərbaycan Cənubi Qafqazın şərq hissəsini tutur. Azərbaycan Respublikasının sahəsi 86,6 min km2, paytaxtı Bakı şəhəridir. Bakı şəhəri Xəzər dənizinin sahillərində, çox əlverişli iqtisadi coğrafi mövqedədir.
Avropa və Asiyanın kəsişməsində olan Azərbaycan unikal siyasi-coğrafi və təbiicoğrafi mövqeyə malikdir. Region Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Ona görə də Şərqi və Cənubi Asiyadan Avropa ölkələrinə gedən bir sıra beynəlxalq əhəmiyyətli yollar Azərbaycanın ərazisindən keçir. Qədim dövrlərdən bu günə qədər beynəlxalq iqtisadi və mədəni əlaqələrdə Azərbaycan mühüm əhəmiyyətini saxlayır.
Azərbaycan şimalda Samur çayı boyunca Rusiya Federasiyası ilə (Dağıstan MR) həmsərhəddir. Burada sərhəd boyu Sudur silsiləsi uzanır, Baş Qafqaz sıra dağları boyu Tinov-Rossoya (3374 m) qədər davam edir. Şimal-qərb və qərbdə Gürcüstan Respublikası ilə sərhədlərimiz vardır. Bu ölkə ilə sərhədlər boyu Mazım və Qanıx çayları keçir. Ceyrançöl alçaq dağlığında kiçik məsafədə Qabırrı çayı sərhəd üzrə axır. Qarayazı düzənliyində, Gürcüstanla sərhəddə Candar gölü yerləşir.
Azərbaycanın qərbdə və cənub-qərbdə Ermənistan Respublikası ilə sərhədləri Murğuz, Şahdağ və Şərqi Göyçə dağ silsilələrindən keçir, sonra Qarabağ vulkanik yaylasından Araz çayına qədər davam edir.