Avropoid | Monqoloid | Neqroid |
Avropoid irqinə daxil olan insanların dərisi açıq rəngli, saçı dalğavari və düz (açıq və tünd), sifəti girdə, burnu kiçik olur. Onlar Avropa, Şimali Afrika, Qərbi və Cənubi Asiyada yaşayırlar. Bir hissəsi sonradan Amerika və Avstraliyaya köçmüşlər.
Monqoloid irqinə aid insanların dərisinin rəngi sarımtıl, saçları düz, gözləri qıyıq, yanaqları çıxıntılı olur. Bu qrup əhali çöl və səhralarda yaşadığına görə külək və toza qarşı uyğunlaşmaq üçün gözləri ensiz (qıyıq) olmuşdur. Monqoloidlər Şərqi, Cənub-Şərqi və Mərkəzi Asiyada yaşayırlar. Amerikada olan yerli əhali də (hindular, eskimoslar) monqoloid irqinə mənsubdurlar
Neqroid irqininin nümayəndələrinin dərisi qara, saçı qara və qıvrım, dodaqları enli olur. Bu qrupa daxil olanların saçının qıvrım olması onların başının həddən artıq qızmasına mane olur. Zəncilər, əsasən, Afrikada yaşayırlar. Böyük Coğrafi kəşflərdən sonra plantasiyalarda işləmək üçün onlar Afrikadan Amerikaya aparılmışlar. Ona görə də Amerikada da az miqdarda zənci var.
Dördüncü irq avstraloid adlanır. Saçların dalğavari, dərinin tünd, burunun enli olması, tünd-qəhvəyi saç onların səciyyəvi xarici əlamətidir. Avstraliyada, Yeni Qvineya adasında, Okeaniyada və Yeni Zelandiyada yaşayan yerli əhali avstraloidlərə aiddir. Bütün irqlərə daxil olan insanlar bərabərdir, eyni qabiliyyətə malikdir və onlar arasında fərq yoxdur. Bunu ilk dəfə XIX əsrin 70-80-ci illərində rus alimi N.N.Mikluxo-Maklay sübut etmişdir.
Amerikada avropoidlərin və monqoloidlərin (hinduların) nikahından olanlar metis, avropoidlərin və neqroidlərin nəsilləri mulat, neqroidlər və monqoloidlərin nikahından olanlar sambo adlanır. Ərazinin yerli əhalisi aborigen adlanır. Lakin bu söz daha çox Avstraliyada yaşayan yerli əhaliyə aid edilir.
Xalqlar. Dünyada 3-4 mindən çox xalq mövcuddur, lakin onların çoxu kiçik xalqlardır. Yer kürəsində əhalisi 100 milyondan çox olan daha böyük xalqlara çinlilər, hindlilər, ABŞ amerikalıları, benqallar, ruslar, braziliyalılar, yaponlar və türklər daxildir.
Xalq – ümumi dilə, əraziyə, mədəniyyətə və milli şüura malik olan insanların tarixən formalaşmış davamlı sosial qrupudur. Xalqların (etnosların) yaranması üçün dini və irqi cəhətdən yaxınlıq əlavə şərt kimi qəbul edilə bilər. Xalqların formalaşmasında ərazi birliyi əsas şərt deyildir. Çox vaxt xalq müxtəlif dilə malik insanların birliyindən formalaşır (ABŞ amerikalıları). Xalqlar sosial-ərazi təşkilatını (dövlət, muxtariyyət) yaratmaq üçün çalışırlar, lakin bir çox xalqlar buna malik deyildir (saamlar, eskimoslar). Xalqlar inkişaf edərək millətləri formalaşdırır. Onlar üçün, digər əlamətlərlə yanaşı, ərazi birliyi də səciyyəvidir.