İqtisadi-coğrafi mövqe nəqliyyatın, xarici ticarətin və beynəlxalq əlaqələrin inkişafından asılı olaraq dəyişir. İqtisadi-coğrafi mövqe ölkələrin inkişafına əhəmiyyətli təsir göstərir. Coğrafi mövqeyin xüsusiyyətlərinə görə, okeana çıxışı olan (o cümlədən, yarımada, ada və arxipelaq ölkələr) və okeanlara çıxa bilməyən ölkələrə ayırmaq olar. Yaponiya, İndoneziya, Filippin, Baham ada (arxipelaq) dövlətləridir. Bu qrupa İslandiya, Madaqaskar, Şri-Lanka, Kuba, Yamayka, Malta, Sinqapur, Bəhreyn də aiddir. Yeni Qvineya, Kalimantan, Timor, İrlandiya, Haiti, Odlu Torpaq adalarında iki və daha çox dövlətin ərazisi yerləşir.
Norveç, İsveç, Danimarka, İtaliya, İspaniya, Portuqaliya, Albaniya, Bolqarıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qətər, Hindistan, Kamboca, Myanma, Tailand, Koreya yarımadada yerləşən dövlətlərdir.
Fəaliyyət:
|
Mətnə əsasən ada - dövlətlərini xəritədə göstərin.
|
Panama və Misirin ərazisi iki materikdə, Türkiyə, Rusiya, Qazaxıstan, Misir isə iki qitədə yerləşən dövlətlərdir.
Dünya dövlətlərinin dənizə çıxışının olub-olmaması da onları xarakterizə edən əsas siyasi və coğrafi xüsusiyyətdir. Dünyada 40-dan çox ölkənin okeanlara çıxışı yoxdur. Dünya okeanı sahillərində yerləşmək ölkələrin iqtisadi-coğrafi mövqeyinin ən əlverişli əlamətlərindən biri hesab edilir, onların sosial-iqtisadi inkişafında, dünya ölkələri ilə əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Materikdaxili ölkələrin Dünya okeanına birbaşa çıxışı olmadığı üçün onların mövqeyi əlverişsiz hesab edilir. Məsələn: Cənubi Amerikada Boliviya, Paraqvay; Asiyada Nepal, Laos, Monqolustan kimi dövlətləri göstərmək olar.