Meşələr irili-xırdalı, müxtəlif növ heyvanlar aləminə malikdir. Onların bir hissəsi otlar, ağacların meyvələri ilə qidalanır, bir hissəsi yırtıcıdır. Ayı, vaşaq, sığın, dələ, xəzdərili heyvanlar çoxdur.
Qonur ayı | Vaşaq | Maral | Tülkü |
Dələ | Sığın | Tetraquşu | Çöldonuzu (qaban) |
Mülayim enliklərə nisbətən daha çox istilik və rütubət alan ekvatorial enliklərdə növ tərkibinə görə daha zəngin olan meşələr yayılır. Burada bir neçə min ağac növü bitir. Bu ərazilərdə olan meşələr bitki və heyvanat aləminə görə digərlərindən fərqlənir. Ekvatorial meşələr bir neçə mərtəbədən ibarətdir. Günəş işığına çox tələbkar olan bəzi ağac növlərinin gövdəsi bir neçə on metrə çatır. Onların gövdəsi 5-6 adamın əhatə edə biləcəyi qədər böyükdür. Bu ağaclar istilik və rütubətin kifayət qədər olduğu, günəş işığının bol olduğu məhsuldar torpaqlar üzərində ildə 5-6 m-ə qədər boy atır. Nəticədə aşağıda işığa nisbətən az tələbkar olan ağaclar bitir. Yer səthinə yaxın sahələrdə kol, ağac və lianlara rast gəlinir.
Ekvatorial meşələrdə palma, fikus, bambuk, qıjı əsas ağac növləridir. Meşələr çox sıx, əksər hallarda keçilməz olur. Buna lianların (cəngəllik sarmaşığı) çox olması və ağaclara sarılması da şərait yaradır. Meşələrdə heyvanların bir hissəsi ağaclarda yaşayır. Çaylarda zəngin balıq növləri vardır. Ekvatorial meşələr Afrikanın mərkəzində, Cənubi Amerikada Amazon ovalığında, İndoneziyada geniş yayılır.