|
Dünyada meşələrin mövcudluğu digər canlıların da yaşaması üçün vacib amildir. Günəş işığının təsiri ilə bitkilər torpaqdan su və digər qidalı maddələr qəbul edir, oksigen buraxır. Oksigen insanların və heyvanların həyatı üçün olduqca vacibdir. Meşələr havanı təmizləyir, torpağın üst qatını yuyulmadan qoruyur, yeraltı və yerüstü suları nizamlayır. Onlar eyni zamanda sanitar əhəmiyyətə malikdir. |
|
Meşələr Yer üzərində böyük əhəmiyyətə malik təbii komponentlərdir. Meşələrin yaranması üçün kifayət qədər istilik və rütubət tələb olunur. Ona görə dünyada meşə sahələri ekvatorial və mülayim enliklərdə geniş sahə tutur. Tropik enliklərin bol yağıntı düşən şərq sahillərində də meşə zolaqlarına rast gəlinir. Meşələrin tutduğu ərazilər və ağacların növ müxtəlifliyi enliklərə görə fərqlənir.
Mülayim enliklər kifayət qədər günəş istiliyi alır və rütubətlənmə şəraitinə malikdir. Meşələr geniş ərazilər tutur, şimaldan cənuba doğru temperatur və yağıntıların miqdarı dəyişir. Müxtəlif ağac növlərindən ibarət meşələr yaranır. Mülayim enliklərdəki meşələrdə yayılan ağacların istiliyə və rütubətə tələbatı müxtəlifdir. Meşə qurşağının şimalında şaxtaya davamlı iynəyarpaqlı küknar, ağ şam, qara şam ağacları çoxluq təşkil edir. Bu ərazilərdə qışda -30-50°C-yə qədər şaxta olur. Cənuba doğru temperatur yüksəlir, yağıntıların miqdarı azalır. Nəticədə ağacların növ tərkibi dəyişir, palıd, cökə, ağcaqayın, göyrüş, qarağac kimi enliyarpaqlı ağaclar üstünlük təşkil edir. Meşələrdə məhsuldar torpaq örtüyü yayılır. Ağacların yarpaqları, budaqları və meyvələrindən ibarət qalıqların çürüməsi torpaq qatının yaranmasına müsbət təsir göstərir. Bu ərazilərdə torpaq qatının qalınlığı 15-20 sm-ə çatır. Qarışıq meşələr iynəyarpaqlı və enliyarpaqlı meşələr arasında keçid zonasıdır.
İynəyarpaqlı meşə (tayqa)
|
Qarışıq meşə
|
Enliyarpaqlı meşə
|
Fəaliyyət:
|
Mətnə əsasən iynəyarpaqlı, qarışıq və enliyarpaqlı meşələrin üstünlük təşkil etdiyi
əraziləri xəritədə göstərin.
|