Babilistanda daş üzərində çəkilmiş ən qədim xəritələrdən biri (b.e.ə. V əsr) |
Qədim insanlar yaşayış və əkin yerlərini daşlar və
qayalar üzərində təsvir edirdilər (İspaniyada tapılmış, yaşı 13,6 min il olan xəritə) |
İndiki Dəclə və Fərat çayları arasındakı əlverişli təbii şəraiti və məhsuldar torpaqları olan ərazilərdə məskunlaşan şumerlərin gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Qədim Babilistana aid olan (b.e.ə. V əsr) xəritələrdə şəhərlərin təsvirindən görünür ki, dünya dairəvi və yastı formadadır.
Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII-VI əsrlər) qoymuşdur. O, “üfüqün cəhətləri“ (şimal, cənub, şərq, qərb) sözlərini işlətmişdir. Miletli coğrafiyaçılar “qitələr” terminindən istifadə edərək Asiya və Avropanı ayırmağa başladılar. Bu gün həmin adların Assuriya dilindəki “asu” - “günçıxan” və “ereb” - “günbatan” sözlərindən alınması qəbul edilir.
Qədim dövrdə yunan alimləri aparılan müşahidələr əsasında Yerin kürə formasında olması qənaətinə gəldilər (Aristotel, Strabon). Bu ideyanı qəbul edən yunan alimi Eratosfen ilk dəfə Yerin ölçülərini hesablamışdır. Eratosfen öz dövründə məlum olan ərazilərin (İspaniyadan Çinə kimi) xəritəsini tərtib etmişdir. Bu ərazilər Köhnə Dünya hesab olunur.