Qadağan nişanları qırmızı rənglə haşiyələnmiş dairə formasındadır. Bu nişanlar yollarda, yaxud yolların ayrı-ayrı sahələrində nəqliyyat vasitələrinin, piyadaların hərəkətini məhdudlaşdırır və ya qadağan edir.
Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, piyadalar üçün nəzərdə tutulan yolları göstərir. Dairəvi formalı bu nişanların mavi fonu var.
Məlumatverici-göstərici nişanlar yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verir. Bu nişanlar düzbucaqlı formasındadır. Yaşayış məntəqələrinin adları, yolun vəziyyəti, yolboyu obyektlərin yerləşməsi və s. barədə məlumatlar bu nişanlar vasitəsilə verilir.
Yaşıl fon avtomagistral, göy fon başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi göstəricisi deməkdir.