Radioaktiv çirklənmə, kommunal sistemlərdə qəzalar, dəm qazından zəhərlənmə, yanğın və partlayış, yol qəzaları, şüalanma və s. texnogen qəzalardır. Siz artıq təbii mənşəli fövqəladə hadisələr zamanı “112” qaynar xəttindən istifadə edəcəyinizi və hansı davranış qaydalarına əməl etməli olduğunuzu bilirsiniz. Bəs texnogen mənşəli qəzalar zamanı necə davranacağınızı bilirsinizmi?
Ətraf mühitin ən təhlükəli çirklənməsi hesab olunan radioaktiv çirklənmə fövqəladə hadisədir. Çox vaxt bu hadisəni “çıraqdakı cin”ə* bənzədirlər. Çünki atom enerjisindən dinc məqsədlərlə istifadə olunur. Lakin atom enerjisi ilə işləyən obyektlərdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində radioaktiv şüalanma və radioaktiv çirklənmə baş verir. Havada radiasiya olduqda radioaktiv maddələr orqanizmdə sürətlə toplanır. Bu zaman orqanların funksiyaları pozularaq (ən çox sümük iliyi, sinir sistemi və s.) müxtəlif irsi, hətta ölümlə nəticələnə bilən xəstəliklər yaradır.
——————