Daşqın zamanı mümkün olduğu qədər yuxarı mərtəbəyə, çardağa, hündür ağaclara, evin damına çıxın. Kiçik ağaclara, dirəklərə çıxmayın, axın onları yuyub apara bilər. Su basmış zonanı tərk edə bilməsəniz, mümkün olan bütün siqnalları verərək evin damında kömək gözləyin. Əgər suya düşsəniz, əyninizdə olan ağır paltarları, ayaqqabını çıxarın, yaxınlıqda olan əşyalara doğru üzün və kömək gözləyin.
Sürüşmə ağırlıq qüvvəsinin təsiri altında yumşaq dağ süxurunun eniş üzrə düşməsidir. Sürüşmə süxurların gil qatından, ərazinin meyilliliyindən və rütubətlənmə dərəcəsindən asılıdır. Torpaq sürüşmələri dağlıq və seysmik bölgələrdə tez-tez baş verən təbii hadisədir. Sürüşmə yaşayış və istehsalat binalarının dağılmasına və çökməsinə, boru kəmərlərinin və elektrik ötürücülərinin sıradan çıxmasına, insanların zərər çəkməsinə və həlak olmasına səbəb ola bilər. Sürüşmənin ilk əlamətləri çatların əmələ gəlməsi, binaların qapı və pəncərələrinin sıxılması, əraziyə su sızmasıdır. Bəs bu zaman nə etməli?
|