İnsan bu torpağa qədəm
qoymuş ən qüdrətli
varlıqdır.
Sofokl
qədim yunan dramaturqu |
Bütün bunlarla yanaşı, susuz səhralara su çəkən, şəhərlər salan, yararsız torpaqları məhsuldar torpaqlara çevirən, öncədən qırdığı meşələri bərpa edərək süni meşələr yaradan, təbiəti yenidən canlandıran insandır. O bununla da kifayətlənmir. Yeni bitki sortları, heyvan cinsləri yaradır, əhliləşdirir, nəsli tükənməkdə olan canlıları qorumaq üçün qoruq və yasaqlıqlar, milli parklar salır.
İndi Yer kürəsində insan fəaliyyəti nəticəsində dəyişməyən ərazi yoxdur. İnsan təbiətin qanunlarına müəyyən qədər təsir edə bilir. Lakin bəzən bu təsir fəlakətlərlə nəticələnir. Belə ki sənaye və texnikanın inkişafı təbiət üçün zərərsiz ötüşmür. Cəmiyyətin varlığı üçün iqtisadi inkişaf nə qədər vacib olsa da, təbiəti də o cür sevməli, qorumalı və qayğısına qalmalıyıq.
Azərbaycanın bitki və heyvanlar aləmi öz zənginliyi ilə seçilir. Ötən əsrin sonlarından başlayaraq Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi həmin ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə səbəb olmuşdur. İşğal olunmuş torpaqlarımızı azad etmək həm dövlətimizin, həm də hər bir vətəndaşımızın vəzifəsi idi.