İnkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də bazar iqtisadiyyatı in-
sanların sərbəst əmək fəaliyyəti göstərmələrinə şərait yaradır. Bu isə insana
öz qabiliyyətini, biliyini və təcrübəsini daim təkmilləşdirməyə imkan verir.
Bazar əlaqələri bütün təsərrüfat sahələrini əhatə edir. İstehsal olunmuş
məhsul bazara çıxarılır və ilkin qiymət onun maya dəyərinə görə qoyulur. Ba-
zarda satış qiyməti isə insanların tələb və təkliflərinə əsasən müəyyən edilir.
Tələb alıcıların müəyyən qiymətə almağa hazır olduqları məhsulun ifadə formasıdır.
Tələbin artması və azalması bir çox səbəblərdən asılıdır. Ən başlıca səbəb
qiymətdir. Əgər məhsulun qiyməti aşağıdırsa, tələbat daha çox ödənilir. Qiymət
artırsa, tələb aşağı düşür. Tələb həm də alıcıların istək və imkanından asılıdır.
Məsələn, XX əsrin 80-ci illərində idman ayaqqabılarına tələbin artmasının sə-
bəbi belə ayaqqabıların dəbə çevrilməsi olmuşdur.
İqtisadiyyat inkişaf etdikcə insanların gəlirləri artır. Bu isə insanların ehti-
yaclarının ödənilməsinə təsir göstərir. Məsələn, inkişaf etmiş dövlətlərdə əhali
kompüterləri, məişət avadanlıqlarını hər 3–4 ildən bir dəyişir. Bəzi dövlətlərdə
isə bu avadanlıqlardan daha uzun müddət istifadə edilir.