Ramazan bayramı müsəlmanların əsas bayramlarından biri hesab olunur. Bayram Ramazan ayının sonuncu gecəsi Ayın görünməsi ilə müəyyən edilir. Bayrama qədər müsəlmanlar bir ay müddətində oruc tuturlar. Bu zaman səhərdən gün batana kimi qida və maye qəbul edilmir. Bayram günü oruc tutulmur, camaat məscidə toplaşır, bayram namazı qılınır. Namazdan sonra müxtəlif yeməklər hazırlanır və hər bir evdə süfrə açılır. Ramazan bayramı günü halva və fətir bişirilib paylanılır. Orucluq zamanı müsəlmanlar ehtiyacı olanlara pul və ərzaq yardımı da edirlər.
Şənbə yəhudilər üçün müqəddəs gün sayılır.
Şənbə sevinc və istirahət günüdür. Həmin gün yəhudilər dincəlir, “Tövrat”ı öyrənmək və bayram süfrəsi hazırlamaqla məşğul olurlar. Yəhudilər üçün şənbə istirahəti təqvimlə cümə gününün axşamı Günəşin batması ilə başlayır. Evlərdə şamlar yandırılır və dualar oxunur. Ailə üzvlərinin və dəvət edilmiş qonaqların əyləşdiyi bayram süfrəsində mütləq xeyir-dua verilmiş məhsullar: şərab və iki ədəd xüsusi bayram çörəyi (xala*) olmalıdır. Adətən, şənbə günü sinaqoqu da ziyarət edirlər. Dualar oxunur, ətrafa xoş ətirlər səpilir və sonda xüsusi şam yandırılaraq Xavdal mərasimi ilə bitir. Bir çox mömin yəhudilər mərasim zamanı ayaqqabı geyinmirlər.
Yəhudi bayramı olan Pesaxda (Pasxa) bütün dünyanın yəhudiləri Misir əsarətindən azad olunduqları günü qeyd edirlər. Bayram günlərində yalnız duzsuz və quru çörək (matsu) yeməyə icazə verilir. Pasxanın başlanmasının ilk iki günündən birində ailə üzvləri qonaqlarla birgə xüsusi pasxa süfrəsi arxasında əyləşir. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır. O qeyd edir ki, yəhudilər tək Allahı tanımayan Misir fironunun əsarətindən qurtarmaq üçün oranı Musa peyğəmbərlə birlikdə tərk ediblər. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Pasxa günlərində sinaqoqda bayram ibadətləri də keçirilir.
————————