Şeirdə işlənmiş feillərin zamanını və şəxsini müəyyənləşdirin.
Şeirin adındakı “üçün” sözünün əvəzinə aşağıdakılardan hansını işlətmək olmaz?
A) yolunda B) uğrunda C) naminə D) düşünüb
Tutmaq – 1.Əli ilə bir şeydən yapışmaq. – Divardan tutmaq; əlində saxlamaq – Pulu əlində bərk tut. 2. Diri-diri ələ keçirmək, ovlamaq – Balıq tutmaq. 3. İşğal etmək, zorla bir yeri almaq, ələ keçirmək – Gecə düşmənlər kəndi tutdular. 4. Yoluxmaq, xəstələnmək – Qrip tutmaq. 5. Göyərmək, bitmək – Tinglərin bir hissəsi tutmadı. – 6. Qapmaq, dişləmək – İt onu tutdu.
Bu vaxtacan tay-tuşları arasında hələ heç kəs İlqarın kürəyini yerə vura bilməmişdi. On iki yaşı olsa da, hər cəhətdən yaşıdlarından seçilirdi.*
Bir gün qonşuları Hətəm əmigilə qonşu kənddən bir oğlan qonaq gəlmişdi. Uşaqlar bir yerə toplaşıb söhbət edirdilər. Hətəm əminin oğlu Əziz lap uzaqdan İlqarın gəldiyini görüb onu yanına çağırdı. Qonağı göstərib dedi:
– Tanış ol. Adı Elmardır. Kəndlərində yaşıdlarının hamısının kürəyini yerə vurur. Onunla güləşə bilərsənmi?
– Niyə güləşmirəm? – İlqar tez cavab verdi.
– Hə, onda başlayın.
Hər ikisi köynəklərini soyunub bir-birinə yaxınlaşaraq tutaşdılar. İlqar özü imkan verdi ki, birinci fəndi Elmar işlətsin. Həm də onun gücünü öyrənmək istəyirdi. Ancaq Elmarın işlətdiyi fənd baş tutmadı. İlqar cəld hərəkətlə onu başı üstündən aşıraraq kürəyini yerə vurdu. Ətraflarına toplaşan uşaqlar da, Əziz də açıq-açığına tərəfgirlik eləyib dedilər ki, yox, bu, kov deyil. Elmarın ayağı daşa ilişdi. Təzədən güləşin.
İlqar bir az hirslənsə* də, üzə vurmadı. Təzədən tutaşdılar. Bu dəfə yenə bir göz qırpımında İlqar Elmarın ayaqlarından yapışıb arxasını yerə vurdu. Uşaqlar hay-küy qopardılar.* Əziz yenə dilləndi:
– Yox, bu da kov deyil. Sən güləşə başlamamışdan Elmarın ayağından tutdun.* Yenə təzədən güləşin. Bu dəfə kim qalib gəlsə, demək, o, güclüdür.
Bir də tutaşdılar. Bu dəfə Elmar çox ehtiyatla, çəkinə-çəkinə güləşirdi, nə qədər fənd işlətsə də, bir şey çıxmırdı.
Elmar İlqarın qollarından tutub geri qanıranda İlqar qəflətən çevrilib onu üstündən aşırdı və kürəyini yerə vurdu.