Belə olduqda ata-anası: “Get, oğul! Yolun açıq olsun! Gedib-qayıtmaq qismətində varsa, sağ-salamat gedib gələsən!” – dedilər.
Səgrək ata-anasının əlini öpdü. Sıçrayıb Qaracıq atma mindi. Gecəni gündüzə qatıb üç gün, üç gecə at çapdı. Dərəşam sərhədindən keçib, qardaşının tutulduğu qoruğa gəldi. Qılınc çəkib 6 ilxıçı kafiri yerə sərdi. Üç gün gecə-gündüz at çapdığından onu yuxu basdı. Atının yüyənini biləyinə bağladı, yatıb yuxuya getdi.
Qara Təkurun casusları ona xəbər verdilər ki, bir oğuz igidi gəldi, ilxıçıları öldürdü, dayları hürkütdü, gətirib qoruğa saldı.
Kafirin başçısı onu tutub gətirmək üçün 60 silahlı göndərdi. Səgrəyin atı yaxşı atlardan idi. At kişnərtisini eşidib, çəkib onu oyatdı. Səgrək yerindən sıçradı, onların hamısını qılıncdan keçirdi, atının yüyənini biləyinə keçirib yenə yatdı.
Necə düşünürsünüz, Səgrək qardaşını xilas edə biləcəkmi? Əhvalatı necə davam etdirərdiniz?
Kafirlərin sağ qalanları qaçaraq olanları Qara Təkura çatdırdılar. Bu dəfə Təkur əsəbiləşib 100 adam göndərdi. At yenə oğlanı oyatdı. Səgrək gördü ki, bir alay atlı gəlir. Durdu, atına mindi, salavat çəkdi. Kafirlərin hamısını qılıncdan keçirdi, yenə dönüb öz yerinə gəldi. Atının yüyənini biləyinə keçirdi, ancaq bu dəfə at oğlanın qolundan açılıb qaçdı.
Təkur bu dəfə 300 adam göndərmək istədi. Ancaq kafirlər dedilər ki, getmirik, kökümüzü kəsib hamımızı qırar. Gördülər ki, Səgrəklə bacara bilməyəcəklər, dedilər ki, oğuz oğlunu oğuz oğlu məğlub edə bilər. Gəlib Əgrəyə dedilər: “İgid, təkur sənin gücünə-qeyrətinə sığındı. Burada bir dəli igid yolçunun-dilənçinin, çoban-çoluğun çörəyini əlindən alır. Tut o igidi öldür, səni azad eləyək, çıx get!” (ixtisarla)
Necə düşünürsünüz, Əgrək kafirlərlə razılaşacaqmı? Bəs siz bu əhvalatı necə davam etdirərdiniz? Öz variantınızı təqdim edin.
qismət
ilxıçı
alay
yüyən
day
hürkütmək
qılıncdan keçirmək
gecəni gündüzə qatmaq
gücünə-qeyrətinə sığınmaq
kökünü kəsmək
salavat çəkmək
1) Səgrəyin nişanlısı nə etdi ki, o, döyüş paltarını soyundu və atını açıb buraxdı?