Ana Vətən sevinir,
Bu gün təzə il gəlir.
Çəmənləri, düzləri
Gəzə-gəzə il gəlir.
Gəlir günəş nurundan
Qızılı don geyərək,
Gəlir dilində nəğmə,
Əllərində gül-çiçək.
Mehriban gəlişindən
Qəlbimə vüqar
gəlir.
Bir əlində qarlı qış,
Birində bahar gəlir.
Onu qarşılamaqçın
Ulduzlar, aylar gəlir.
O gəlir bəzənərək
Mənim ana yurdumun
Toyu, büsatlarıyla.
O gələndə donunu
Bizim Şaxta babatək
Yumşaq qardan geyəcək.
Bax bu gün gecə yarı
O deyəcək: gəlmişəm,
Mən ki nurlu bahardan
Libas geyib gəlmişəm.
Sizi deyib gəlmişəm,
Sizin böyük zəfərə,
Rəşadətə, hünərə
Mən baş əyib gəlmişəm!
Mən də deyəcəyəm ki,
Xoş gəlmisən bu yurda,
Təzə ilim, ay ilim!
Bizim eli, obanı
Bəzə, ilim, ay ilim!
Gözüm üstə yerin var,
Xoş gəlmisən, ay ilim!
Nəbi Xəzri
büsat
rəşadət
gözüm üstə yerin var
“Gəlir dilində nəğmə, əllərində gül-çiçək”, – misraları ilə şair nə demək istəyir? Düzgün hesab etdiyiniz cümlələri seçib səsləndirin.
1) Təzə ildə havalar istiləşir, hər tərəf gül-çiçəyə bürünür.
2) Təzə il insanlara sevinc əhval-ruhiyyəsi bəxş etdiyi üçün hər yerdə nəğmə səsləri eşidilir, hər tərəf gül-çiçəyə bürünür.
3) Təzə ildə yeni-yeni mahnılar bəstələnir, hamı bir-birinə gül bağışlayır.
4) İnsanlar yeni ili qarşılamaq üçün şənliklər keçirirlər, hər yerdə şən nəğmələr oxunur, evlər bəzədilir, hər yer sanki gül-çiçək içində olur.
Payızdan qorx, arxasınca qış gəlir, qışdan qorxma, dalınca bahar gəlir.
A)
Bütün sözlər necə? sualına cavab verir, sifətdir.
B)
Bütün sözlər düzəltmədir.