Qarışqa ağlına necə gəlibsə, elə də eləyir. Birinci dəfə gedib arıya qonaq olur. Taq, taq, taq..., – deyə qapını döyür.
Arı: – Kimdir gələn? - deyə soruşur.
Qarışqa isə: – Aç qapını, arı qardaş. Mənəm, dostun qarışqayam. Qarnımı doyurmağa gəlmişəm, azdan-çoxdan nəyin varsa, ver yeyim, – deyə cavab verəndən sonra an qapını açır. Qarışqanı böyük mehribanlıqla qarşılayır. Ona ən gözəl ballarından gətirib verir. Sonra da həm gözəl, həm də bacarıqlı arılarını çağırıb qonağını şənləndirir.
Axşam düşənə yaxın qarışqa arıya təşəkkür eləyib evinə qayıdır. Yatağına uzananda da öz-özünə: “Oxay canım, dincəl. Nə çalışdım-vuruşdum, nə də yoruldum. Yenə də qarnımı doyuzdurdum”, – deyə düşünür.
Qarışqa ertəsi gün hörümçəyin evinə qonaq getməyi qərara alır. Birbaşa hörümçəyin yaşadığı yerə gəlir. Taq, taq..., – deyə qapını döyür.
Hörümçək soruşur: – Kimdir qapımı döyən?
Qarışqa cavab verir: “Aç qapını, hörümçək qardaş. Mənəm, dostun qarışqadır. Acmışam. Bugünlük sənin yanında qarnımı doyurmaq istəyirəm”.
Hörümçək də qarışqanı çox yaxşı qarşılayır. Ən gözəl yeməklərdən, ən dadlı nemətlərdən gətirir düzür onun qarşısına. Sonra da hördüyü torları gəzdirib öz qabiliyyətini, bacarığını ona göstərir. Axşam düşəndə də torlarını qarışqanın yuvasına qədər uzadır ki, qonağı öz evinə qayıdanda yorulmasın.
Qarışqa yuvasına dönəndən sonra yenə yatağına girib arxası üstə uzanır:
– Oxay, canım, dincəl. Nə çalışdım-vuruşdum, nə də yoruldum. *Ancaq yenə qarnımı doyuzdurdum.
Aradan beləcə günlər gəlib-keçdi. Qarışqanın daha qonaq gedəcəyi başqa dost-tanışı da artıq* qalmamışdı. Balaca qarışqa hey fikirləşdi. Qayğı canını almışdı. ”İndi nə eləyim? Bəlkə, dostları bir də yenidən ziyarətə başlayım, görən necə olar?” – deyə düşünürdü ki, budur, “taq, taq...” evinin qapısını döydülər. Qanşqa gəlib qapını açdı. Bir də nə görsə yaxşıdır?! Bütün dostları yığışıb onun evinə qonaq gəliblər. Qarışqa çaşıb qaldı, nə edəcəyini bilmədi. Axırda utana-utana, sıxıla-sıxıla dedi:
– İnanın mənə, çox istəyərdim ki, sizləri evimdə qonaq eləyim. Amma təəssüflər olsun ki, nə oturmağa yerim, nə də yeməyə bir parça çörəyim var.