Xanım başını bulayıb cavab verir: “Yəqin ki, heç zaman. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”.
Mayılov deyir: “Bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız”.
Razılaşırlar.
Hacı Zeynalabdin Tağıyev həmin əhvalatı eşidir. Mayılova rast gələndə söhbət əsnasında binanın tikilməsini xəbər alır. Mayılovun cavabından sonra deyir: “ Ağlım kəsmir o boyda binanı bir ilə tikdirib başa çatdırmaq mümkün olsun. Mən özüm bənna, sonra da podratçı olmuşam. Çoxlu evlər tikmişəm. Hər şeyi bilirəm. Çətin işdir”.
Mayılov gülümsəyib deyir: “Hacı, gəl mərcləşək. Əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə”.
Razılaşırlar. Mayılov binanı bir ilin əvəzinə səkkiz aya tamamlatdırır.
Səs bayıra yayılmasın, içəridə qalsın deyə, tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəyiblər...
Mayılov xanəndə xanıma teleqram vurur. O da Bakıya gəlir, operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. Xanəndə xanım ariyanı qurtaranda başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi.
Mayılov xanıma gül və çiçək əvəzinə pullardan düzəldilmiş böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir.
Manaf Süleymanov
mərcləşmək
məharət
boyunbağı
tavan keçə
münasib
ahəng
ağlı kəsməmək
1) Bakıya qastrola gəlmiş xanəndə xanım harada konsert verirdi?
2) Xanəndə xanım niyə Bakıya bir daha gəlmək istəmədiyini söyləyir?
3) Mayılov xanəndə xanıma necə bir təklif edir?
4) Tağıyev binanın bir ilə hazır olacağına niyə inanmır?
5) Mayılov Tağıyevlə nə barədə mərcləşmək istəyir?
6) Bəs nə üçün Mayılov binanı bir ilə başa çatdıra bilmir?
7) Tavana niyə məxmər və keçə döşəyirlər?
8) Binanın açılışında xanəndə xanım niyə iştirak edə bilmir?