2-ci hissə
Quş çox balaca, arıq və zəif idi. Həsən qorxurdu ki, onu barmaqları arasında əzər. Həsən bir neçə addım gedib dayandı və ovcunu açdı ki, quş uçsun. Quş isə uçmayıb rahatca yerdə oturdu və ətrafa baxdı. Həsən nə qədər “şşş” elədisə də, balaca quş Həsənin üzünə baxıb əsla tərpənmədi. Həsən naçar qaldığından quşu götürüb şəhərdən kənara çıxdı.
Yaz vaxtı idi. Qar ərimişdi. İsti külək ağacların yenicə açılmış yarpaqlarını tərpədirdi. Yerin üzünü göy ot örtmüşdü. Həsən yolun kənarında, bir daşın üstündə oturub bir az dincəlmək istədi. Ətrafda heç kəs yox idi. Çox sakitlik idi. Həsən bir əlini başına qoyub, balaca quşa baxırdı və fikir edirdi. Birdən öz Vətənini, ata və anasını yada salıb çox qəmgin və pərişan oldu. Və dərindən bir ah çəkib öz-özünə dedi: “Ah! Kaş mən də bu saat öz Vətənimdə olaydım! İndi oralar necə gözəl, necə səfalıdır! Otlar göyərmiş, çiçək*lər açılmış, əkinçilər yazlıq əkirlər... Quşlar ötməyə başlamışlar! Hər yerdə təzə* həyat başlanır. Qonşularımızın uşaqları hər gün məktəbə dərs oxumağa gedirlər!.. Ax, ay üzüqara kasıblıq! Sən nə yamansanmış?! Əgər mənim də atam dövlətli olsa idi, mən də nökərçilik etməyib, oxumağa gedərdim!”
Həsən belə fikir dəryasına qərq olduğu halda, birdən altında oturduğu ağac*ın başında bir quş səsləndi. Bu zaman ovcundakı quşun da tərpəndiyini hiss elədi. Bu quş boğazını uzadıb ətrafa bir qədər təəccüblə baxdı, sonra uçub bir alçaq budağa qondu. Sonra budaqdan budağa atılıb dərdli-dərdli oxudu və öz oxumağı ilə sanki azadlıq əvəzində Həsənə razılıq etdi. Bir az budaqlarda dayanandan sonra balaca qanadlarını çaldı və gözdən itdi.
Həsən quşa heyran-heyran baxıb öz-özünə deyirdi: “Azadlıq aldı. Hürriyyət aldı!”.
Məmməd Qarayev
əsla
pərişan
heyran-heyran
alçaq
səfalı
üzüqara kasıblıq
hürriyyət
fikir dəryasına qərq olmaq
naçar qalmaq