Bakının yaxınlığında bir qəsəbə var. Köhnə bakılılar ona Xilə deyərdilər. İndi həmin qəsəbənin adı Əmircandır. Əmircanlılar püstə, əncir yetişdirir, taxıl becərirdilər. İstedadlı fırça ustası Səttar Bəhlulzadə bu yaraşıqlı, abad qəsəbədə doğulmuşdu.
Səttar kiçik yaşlarından şəkillər çəkər, rəsm məşğələlərinə xüsusi maraq göstərərdi. Qəsəbədəki yeddillik məktəbi bitirdikdən sonra Rəssamlıq Məktəbinə daxil olmuşdu.
Həmin illərdə məktəbin direktoru məşhur rəssam Əzim Əzimzadə idi.
Əzimzadə balaca Səttarın rəssamlıq fəaliyyətinə heyran olmuşdu. Odur ki, ona xüsusi qayğı göstərirdi. Təsadüfi deyildir ki, 1931-ci ildə Rəssamlıq Məktəbini bitirən Bəhlulzadəni o vaxtlar eyni zamanda “Kommunist” qəzetinin baş rəssamı olan Əzim Əzimzadə öz yanında işə götürmüşdü. Səttar bədii tərtibat işində iştirak etməklə yanaşı, tənqidi materiallara karikaturalar da çəkirdi. Əzimzadənin məsləhəti ilə Səttarı ali təhsil almaq üçün Moskva Dövlət Rəssamlıq İnstitutuna göndərirlər. 1933-cü ildə o, instituta qəbul olundu. Səttar institutda məşhur qrafika ustaları V.Favorskidən, Q.Şeqaldan dərs alır. 1940-cı ildə o, təhsilini başa vuraraq, Bakıya qayıtdı və özü ilə gətirdiyi diplom işini – “Bəzz qalasının müdafiəsi“ tablosunu həmin il respublika sərgisində nümayiş etdirdi.
Böyük Vətən müharibəsi illərində Səttar həm tarixi-vətənpərvərlik mövzularına şəkillər çəkir, həm də Rəssamlıq Məktəbində müəllimlik edirdi. Müharibədən sonrakı bərpa illərində Bəhlulzadə ən çox mənzərə janrında əsərlər yaradırdı. Onun mənzərələrində Qubanın uca dağları və alma bağları, Qarabağın, Naxçıvanın, Muğan düzünün təbii gözəllikləri, “Neft daşları” silsiləsində isə Bakı neftçilərinin gərgin əməyi təsvir olunur.
Bəhlulzadə bir mənzərə ustası kimi ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda tanınır. Bakıda, Moskvada, Tbilisidə, Praqada nümayiş etdirilmiş fərdi sərgiləri sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmiş, ayrı-ayrı mənzərə və natürmortları Parisdə, Nepalda, Berlində, Vyanada, Monrealda, Madriddə, Havanada, Qahirədə, Dəməşqdə, Bağdadda və Beyrutda keçirilmiş sərgilərdə göstərilmişdir.
tərtibat
sənətsevərlər
maraq göstərmək
bərpa
tənqidi
nümayiş etdirmək
1) S. Bəhlulzadə harada anadan olmuşdur və onda rəssamlığa həvəs nə vaxtdan başlamışdır?
2) Ə.Əzimzadə rəssamın həyatında nə kimi rol oynamışdır?