2-ci hissə
Mən bir söz demədən həyətə girdim.
İçəri girəndən mənim gözüm dörd olmuşdu. Bu, bağ deyilmiş, lap cənnət imiş ki! Cürbəcür güllərin ətri adamı lap məst edirdi. Hər tərəfdə səliqə-sahman var idi. Yaraşıqlı* hovuz, hovuzun ətrafında daşdan hörülən güldanlar* göz oxşayırdı. Fiqurların, hovuzun divarlarının, güldanların rəngləri əlvan olmaqla yanaşı, par-par parıldayırdı. Burada hər bir daşın öz yeri vardı. Hovuzun ətrafına da daş düzümləri xüsusi gözəllik verirdi. Səməd müəllim mənim heyrətləndiyimi görüb dedi:
– Bala, adam istəsə, küçədə, yolda ayaqları əzən daşlardan çox şey yaradar. Bax, külafirənginin döşəməsi də onlardandır. Mənim üçün lazımsız heç nə yoxdur. Payızda ağacların yarpaqlarını başqaları yandırıb, tüstüsüylə havanı korlayır, külünü isə külək havaya sovurub, hər tərəfi çirkləndirir*. Mən isə həmin yarpaqları bu il yerə basdırıram, gələn il əkin üçün təbii gübrəyə dönür. Ümumiyyətlə, çürüyən nə varsa, torpağa basdırıram. Bircə polietilen torbaları yandırıram. Onlar çürüsəydi, onları da basdırardım. Ancaq başqaları onları küçələrə, hasarların qırağına, yollara atır. Külək də göyə qaldırıb, Abşeron çöllərinə yayır. Adam xəcalətindən gəzintiyə* çıxa bilmir.
Səməd müəllim çox şeylər danışdı. Onların hamısı beynimdə həkk olundu. Çünki onlar bizə gərəkdir. Səməd müəllim məni bağla tanış etdikcə heyrətlənirdim*. Ürəyimdə öz-özümə deyirdim: Abşeron bağlarında nələr əmələ gəlirmiş! Çiyələk, moruq, qarağat – həm qırmızısı, həm qarası, kök, çuğundur, tərəvəz, yemiş, qarpız... Səməd müəllim hər şey əkmişdi.
Axşam yaxınlaşırdı. Evə tələsirdim. Bilirdim ki, anam narahat olacaq. Ona görə də onunla xudahafizləşməli* oldum. Səməd müəllim evə girdi, tez də əlində bir kitab geri qayıtdı. Kitabı mənə uzatdı. Kitabın üz qabığının yuxarısında Səməd Gündoğan, ortasında isə “Abşeron baharı” sözləri yazılmışdı. Mən ona “çox sağ olun!” – deyib, darvazadan çıxdım.
Səməd müəllimin nurani, mehriban sifəti gözlərimin qabağında canlandı. Çiyinlərimdə bir ağırlıq hiss etdim. Elə bildim ki, onun qabarlı, polad kimi bərk, ağır əlləri çiyinlərimə enib. (ixtisarla)
Hafiz Əli
külafirəngi
xəcalət
çürümək
qabarlı
məst etmək
havaya sovurmaq
beynimdə həkk olunmaq
göz (gözü) oxşamaq