25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Artıq Xocalı faciəsinin qisası alınmışdır. Lakin Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmayacaqdır.
Əhmədin ayağının lap altından pırıltı ilə bir bildirçin qalxdı. Ox kimi süzüb darılığa doğru uçdu. Əhmədin gülləsi ilə bir vaxtda kiminsə tüfəngi də açıldı. Quş bir-iki dəfə qanad çalıb otluğa düşdü. Əhməd quşu yerdən qaldırdı. Elə bu vaxt qəzəbli və cingiltili bir səs eşitdi:
– Ey, Rus Əhməd, bildirçini mən vurmuşam!
O dönüb əlində tüfəng otluğun içində dayanan oğlana baxdı. Onun on dörd-on beş yaşı ancaq olardı. Əynində vəznəli qara çuxası vardı. Göy buxara papağını geri itələmişdi. Zil qara saçının qıvrım teli alnına düşmüşdü. Sivri burnu pərələnir, sinəsi qalxıb-enirdi. Uşaq yaman həyəcanlanmışdı.
– Nədən bilirsən?
– Necə yəni nədən? Hələ mənim əlimdən bir quş qaçmayıb.
– Amma bu dəfə qaçıb. Deyirlər ki, bu il hava çox isti olacaq.
– Ver deyirəm sənə!
– Verməsəm, nə edərsən?
Oğlan tüfəngi hərlədi:
– Vuraram.
– Adam da bir quşdan ötrü dalaşarmı? İstəyirsən bildirçini sənə bağışlayım.
– Lazım deyil. Mən vurmuşam, qaytar özümə. Bir də ki, bura bizim çəmənlikdir.
Əhməd gülümsəyərək, hələ də acığı soyumayan Əşrəfi başdan-ayağa süzdü. Uşağın ağ sifəti alışıb yanırdı.
– Bütün bu yerlərin hamısı sizindir?
– Bəs nə?!
– O taydakı meşə də?
– Hamısı.
– Su da?
– Zarafatı burax, bildirçini bəri ver!
Əhməd quşu Əşrəfə uzatdı. Oğlan cəld bildirçinin haradan yaralanmasına baxdı. Onun sifətindəki qəzəb yox oldu. Əhməd uşağın tutqun çöhrəsini* məsum bir təbəssüm bürüdüyünü gördü. Onun gözlərində həm sevinc, həm də hüznlü bir kədər vardı. O, ovçudan çox, bir uşaq marağı ilə quşu süzürdü.
– Acığın soyudumu?