Çox illər əvvəl burada zəlzələ olub. Zəlzələ dağı yerindən oynadıb. Dağdan qopan böyük qaya parçaları çaya düşüb.
– Çayın qarşısını kəsib?
– Bəli.
– Bildim, çay axa bilməyib, suyu yığılıb göl olub.
Ana gülümsədi:
– Elədir, düz tapdın. Zəlzələdən qabaq burda bir çay vardı. Zəlzələdən sonra isə həmin çay iki yerə bölünüb, biri göldən yuxarıda, biri isə aşağıda qalıb.
– Bütün göllər, çaylar belə yaranır?
– Bütün göllər, bütün çaylar belə yaranmır. Onları yaradan səbəblər çox müxtəlifdir.
– Bəs dağ? Zəlzələdən sonra dağ yox oldu?
– Xeyr, yox olmadı, ancaq o daha əvvəlki görkəmdə deyildi. Dağın zirvəsi uçdu, amma əvəzində Göygöl, Maralgöl kimi gözəl göllər yarandı.