Babası ona dedi:
- Sənin albalı ağacın tumurcuqlayıb, baxmaq istəyirsənmi?
- Əlbəttə, babacan!
Onlar həyətə çıxdılar. Hava o dəfəki kimi soyuq deyildi. Qarlar ərimişdi. Torpaqda ara-sıra göy rəngli balaca çiçəklər, topa-topa otlar gözə dəyirdi. Albalı ağacının budaqlarında xırdaca tumurcuqlar vardı.
Bir neçə ay keçdi. Dərs ili başa çatdı. Aysu ikinci sinfi bitirib tətilə çıxdı. Atasından xahiş etdi ki, onu kəndə, babasıgilə aparsın. Ata Aysunu kəndə apardı.
|
Dərs ili hansı fəsildə başa çatır? Bu fəsli fərqləndirən əsas
əlamət nədir?
|
Aysu həyətə girən kimi albalı ağacının yanına qaçdı. Ağacda o qədər albalı vardı ki... Aysu bunu görüb çox sevindi.
Albalını yığdılar. Aysu doyunca albalı yedi. Ana albalıdan mürəbbə, cem bişirdi, qışda içmək üçün kompot hazırladı.
Baba dedi:
- Yaxşı ki Aysunu dinlədim, albalı ağacını kəsmədim.