|
Qar, yağış necə yaranır?
|
Hava sakit idi. Yağış damlası yerə enirdi. Nəhayət, o, yaşıl otun üstünə, oradan da torpağa düşdü. Torpağı islatdı. Dərinliyə enib uzunuzadı yol getdi.
Birdən damlanın gözü işıqdan qamaşdı. Axa-axa dənizə gəlib çatmışdı. Dənizin sularına qarışdı. Günəşin istisi hər tərəfi qızdırırdı. Bir də onu gördü ki, xırda zərrələr halında səmaya qalxır. Onunla birlikdə sayı bilinməyən damlalar da buxara dönüb səmaya qalxırdılar.
Yuxarıda hava soyuq idi. Buxara dönmüş damlalar üşüyüb büzüşdülər, bir yerə toplaşdılar, bulud yarandı. Külək buludu dənizin üzərindən qovub uzaqlara apardı.
Qış gəlmişdi. Bulud soyuqdan, küləyin onu ora-bura qovmasından yorulub ağladı. Qar yağmağa başladı. Hava çox soyuq olduğuna görə o, bu dəfə yağış damlası deyil, qar dənəsi olmuşdu.