Saray (Sara) xatunun adı Azərbaycan tarixinə ilk diplomat qadın kimi daxil olmuşdur. Saray xatun ağıl və mətanət, müdriklik və cəsarət rəmzi hesab edilmişdir. O, Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır. Saray xatun nəinki Şərqdə, hətta Avropa ölkələrində də çox tanınmışdır. Müharibələri sakitləşdirməkdə onun böyük rolu olmuşdur. Ona görə də həmin dövrdə Ağqoyunlu dövləti müstəqilliyini qoruya bilmişdir. Uzun Həsən həmişə anası ilə məsləhətləşərdi. Olduqca ağıllı olan Saray xatun dövlətin idarə edilməsində oğluna yaxından kömək etmişdir. O, xarici ölkələrin diplomatları ilə yanaşı, Osmanlı imperatoru II Mehmed ilə də diplomatik danışıqlar aparmışdır. Deyilənə görə, Saray xatun və II Mehmed bir-birinə “ana”, “oğul” deyə müraciət edirmişlər. Saray xatun II Mehmedlə Yassıçəmən müqaviləsi bağlamış, bu müqavilə Ağqoyunluların dövlət müstəqilliyini qoruyub saxlamağa kömək etmişdir. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə Saray xatun başçılıq etmiş və uğur qazanmışdır. |
|