Afinada sənətkarlıq sahələri və incəsənət yüksək səviyyədə inkişaf etmişdi. Memarlar möhtəşəm binalar ucaldır, rəssamlar gözəl sənət nümunələri yaradırdılar. Dulusçular gildən müxtəlif məişət əşyaları və amforalar* düzəldirdilər. Bu qablarda şərab, zeytun yağı saxlanılırdı. Akropolun yanında aqora* yerləşirdi.
Zaman keçdikcə Yunanıstanda qulların sayı artırdı. Bunun səbəblərindən biri kəndlilərin yoxsullaşması idi. Qıtlıq, quraqlıq illərində yoxsul kəndlilər öz ağalarından borc taxıl alırdılar. Sahibkarlar kəndlilərin torpaq sahəsində borc daşı qoyurdu. Bu daşm üzərində kəndlinin nə qədər borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılırdı. Kəndli borcunu vaxtında verə bilmədikdə ailəsi və özü qula çevrilirdi. Bundan başqa, Afinaya ticarət gəmiləri ilə taxıl, inşaat ağacı ilə yanaşı, qullar da gətirilirdi.
Demos ilə əyanlar arasında mübarizə. E.ə. VII əsrdə Afinada bütün məsələləri aristokratlardan ibarət ağsaqqallar şurası həll edirdi. Bu şura qanunlar qəbul edir, məhkəmə bu qanunlar əsasında qurulurdu.
* Amfora — ikiqulplu, darboğazlı, çoxtutumlu, iri gil qab
*Aqora — bazar meydanı