Kritdə ticarət və hərbi donanma üçün xüsusi limanlar olmuşdur.
Kritlilərin Misir, Finikiya və Babillə geniş ticarət əlaqələri var idi. Kritlilərin öz yazısı mövcud idi. Krit mədəniyyətinə Şərq mədəniyyətinin böyük təsiri olmuşdur. Kritə yaxın olan adalardan birində vulkan püskürməsi nəticəsində Krit padşahlığı süqut etdi.
Cənubi Yunanıstanda — Mikena şəhərində yaşayan axey tayfaları Krit mədəniyyətindən çox şey mənimsəmişdilər. Axeylər Mikenada hündür təpə üzərində akropol* ucaltmışdılar. Hökmdar sarayı və adlı-sanlı adamların evləri burada yerləşirdi. Sarayın yaxınlığında qayalar çapılaraq sərdabələr düzəldilirdi. Dəfn olunanların üzlərinə qızıl maskalar taxılırdı. Sərdabələrə qızıl əşyalar, silahlar qoyulurdu. Akropolun ətrafında tacir evləri, sənətkar və əkinçilərin yoxsul komaları yerləşirdi.
Yunanıstanın şimalından gələn dori tayfaları Mikena mədəniyyətini məhv etdilər.
* Akropol — yuxarı şəhər