Qədim hind memarları qayaları çaparaq sərdabələr, gözəl məbədlər yaratmış, heykəltəraşlar divarlarda insan və müqəddəs saydıqları heyvanların heykəllərini yonmuşlar.
Azərbaycanın Tunc və İlk Dəmir dövrü abidələrində Hindistan üçün səciyyəvi olan bəzək əşyaları tapılmışdır. Bu, Azərbaycanın Qədim Hindistanla iqtisadi-mədəni əlaqələrinin olduğunu sübut edir.
Hindistan şahmat oyununun da vətənidir. Hindistanda bu oyunu “dörd növ qoşun” adlandırırdılar.
Din. Qədim hindlilərin etiqad etdiyi hinduizm dininin qanunları “Veda” adlı yazılarda toplanmışdır. Qanunları pozanları ağır cəzalandırırdılar.
Hindistanda insanların kastalara bölünməsinə qarşı çıxanlar da var idi. Rəvayətə görə, onlardan biri — tayfa başçısının oğlu olan Qautama yoxsulların ağır vəziyyətinə acıyır.