“Sarısarıqlılar” üsyanı 20 il davam etdi və çox böyük çətinliklə yatırıldı. Bu üsyan Çin dövlətini zəiflətdi. Bir neçə il sonra padşah öldürüldü.
Xan sülaləsi devrildi. Çin yenidən xırda dövlətlərə parçalandı.
Qədim Çinin mədəniyyəti. Qədim Çində elm, incəsənət, heykəltəraşlıq və memarlıq inkişaf etmişdi. Yazıda heroqliflərdən istifadə olunurdu. Mətnlər bambuk lövhələr üzərində, mühüm sənədlər, imperatorun əmrləri isə ipək parça üzərində yazılırdı.
Çinlilər ilboyu təbiətdə baş verən dəyişiklikləri müşahidə edərək dəqiq təqvim düzəltmişdilər. İlk kompası da çinlilər yaratmışlar. Kağızın ixtirası da çinlilərin adı ilə bağlıdır.
Konfutsi adlı filosofun* yaratdığı təlim Çində geniş yayılmışdı. Konfutsi əxlaqi fikirlər irəli sürərək deyirdi: “Qəbahətlərimizi örtmək, gizlətmək hünər deyil, hünər qəbahət etməməkdir”. Konfutsiyə görə, kiçik böyüyə, oğul ataya, xalq padşaha tabe olmalı, böyük kiçiyin, ata oğulun, padşah isə xalqın qayğısını çəkməlidir.
* Filosof — müdrikliyi sevən adam, alim