Sin Şixuandi, Böyük İpək yolu, heroqlif, Konfutsi
Təbiəti və əhalisi. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Mövsümi yağışlar Xuanxe çayında daşqınlara səbəb olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını “Çinin bəlası”, “min fəlakət çayı”, “gəzən çay” adlandırırdılar.
Xuanxe çayı gilli ərazidən keçərkən süxurları özü ilə apardığından suyun rəngi sarı olur. Çin dilində “Xuanxe ” sarı çay deməkdir.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdu. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. E.ə. VI əsrdə çinlilər dəmir emal etməyi öyrəndilər.
Çinin birləşdirilməsi. Çində bir neçə müstəqil quldar dövlət mövcud idi. Bu dövlətlər arasında tez-tez uzunsürən müharibələr baş verirdi. Ona görə də bu dövr Çin tarixində “vuruşan padşahlıqlar dövrü” adlanır.
Çin dövlətləri arasında gedən mübarizədə Sin padşahlığı qələbə çaldı. Sin padşahı bütün müstəqil dövlətləri vahid Sin sülaləsi ətrafında birləşdirdi. E.ə. 221-ci ildə Sin dövlətinin padşahı özünü Sin Şixuandi (Çinin birinci imperatoru*) adlandırdı.
* İmperator - | latınca “imperium” sözündən olub, tam hakimiyyətə malik olan deməkdir. |