Azərbaycanda ən qədim insan izləri harda aşkar edilmişdi? Bu qədim insanlar nəyə qadir idilər?
İbtidai icma quruluşu bəşər cəmiyyətinin inkişafının ilk mərhələsidir.
İbtidai icma quruluşu çox uzun tarixi dövrü əhatə etmişdir. Yer üzərində ən qədim insanların izləri Şərqi Afrika və Asiyada aşkar edilmişdir. İlk vaxtlar hələ xüsusi bacarıqları olmayan qədim insanlar təbiət hadisələri ilə, aclıq və soyuqla çətinliklə mübarizə aparırdılar. Bu dövrdə istifadə olunan əmək alətləri, əsasən, daşdan olduğuna görə həmin dövr Daş dövrü adlandırılır. Alimlər Daş dövründə yaşamış qədim insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu müəyyən etmişlər. Qədim Daş dövrü — Paleolit* insanları sadə işlər görür, meyvə və bitki yığırdılar. Torpağı ucu iti sivri daşla, ucu şiş ağacla qazaraq meyvə kökü və s. toplayırdılar. Onlar ilk zamanlar sürü halında (“ulu icma”) yaşayırdılar. Sərbəst danışa bilmirdilər, qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar. Təhlükə zamanı qorxu bildirən səslər çıxararaq, bir-birini xəbərdar edir və ya köməyə çağırırdılar.
Dəyənək və sivri daşlar ən qədim insanların ilk əmək alətləri idi. Yığıcılıq və ovçuluq qədim insanların ilk məşğuliyyəti olmuşdur. Zaman keçdikcə insanlar daşdan və sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək üçün müxtəlif növ daşlardan istifadə olunmurdu.
* Paleolit — yunan sözü olub “paleos” — qədim, “litos” — daş deməkdir.