İlk Hun dövlətinin meydana gəlməsi. Böyük Hun dövləti Mərkəzi Asiyada yaranmış ilk türk dövləti olmuşdur. Vahid Hun dövləti tayfaların birləşməsindən yaranmışdır. Bu tayfa ittifaqına Teoman tanhu başçılıq edirdi. “Tanhu” sözü sonralar yabqu, kağan, xaqan şəklində işlənmişdir. Teoman qüvvətli bir ordu yaratmış və Çinə hücum etmişdi. Çinlilər hunların hücumlarının qarşısını almaq üçün müdafiə divarını inşa etməyə başlamışdılar. Teoman tanhudan sonra hakimiyyətə gələn oğlu Metenin dövründə hunlar elə nizami süvari qoşun yaratmışdılar ki, bu ordu öz döyüş üsulları ilə məğlubedilməz sayılırdı. Hunlar Çin imperatoru ilə qohumluq əlaqələri yaratmışdılar. Bu yaxınlıqdan istifadə edən çinlilər Hun ordusunun döyüş üsullarını öyrəndilər.