İskitlərin təsərrüfat həyatı. Yazılı mənbələr və arxeoloji materiallar iskitlərin həyatı haqqında onu deməyə imkan verir ki, onlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Əkinçi iskitlər, əsasən, dənli bitkilər becərmiş, istehsal etdikləri taxılın bir hissəsini yunanlara satmışlar. Maldar iskitlər qoyun, keçi, qaramaldan başqa, cins atlar da bəsləyirdilər.
İskitlərin məskən saldığı yerlərdə iskit kurqanları öyrənilmişdir. Kurqanaltı qəbirlərdən çoxlu miqdarda müxtəlif sənətkarlıq məmulatları — mis, gümüş və qızıl qablar, silahlar tapılmışdır.
İskit mədəniyyəti. Qara dəniz sahillərində yaşayan iskitlərin mədəniyyətinə yunan mədəniyyətinin təsiri olmuşdur. İskitlər gözəl incəsənət nümunələri yaratmışlar. İskit abidələrindən çoxlu zoomorf formalı (heyvani üslublu) fiqurlar və daşdan yonulmuş kiçik insan heykəlləri də tapılmışdır.
Sizcə, Manna ərazisində niyə iskit sənətkarlıq nümunələri tapılmışdır?