II Kambiz, Qaumata, I Dara, satrap, darik |
İran yaylasının əhalisinin tərkibini müəyyən edin.
II Kiri tarixi şəxsiyyət kimi dəyərləndirin.
İran yaylasının qədim əhalisi. Qədim İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif xalqlardan ibarət idi. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşlar. E.ə. 2-ci minilliyin sonlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmış və yerli əhali onların dilini qəbul etmişdir.
Əhəmənilər dövlətinin yaranması. II Kirin işğalları. Əhəmənilər nəslindən olan II Kir babası Midiya hökmdarı Astiaqı taxtdan salıb hakimiyyəti ələ keçirdikdən sonra özünü Midiya şahı elan etdi. Ekbatan şəhəri Əhəməni dövlətinin mərkəzi oldu.
II Kirin hakimiyyəti dövründə Əhəmənilər Midiyanın bütün ərazilərini, Kiçik Asiyada Lidiyanı tutdular. Misirə qədər bütün ölkələr Əhəmənilərə tabe edildi. Öz uğurlarından ruhlanan II Kir massaget tayfalarına qarşı da yürüş etdi. Yunan tarixçisi Herodot massagetlər haqqında yazır ki, massagetlər çoxsaylı və cəsur xalqdır. Onlar Araks (Araz) çayı ətrafında yaşayırlar. II Kirin yürüşü ərəfəsində massaget tayfalarına Tomiris adlı cəsur bir qadın başçılıq edirdi. Massagetlərlə döyüşdə o zamanadək məğlubedilməz sayılan II Kir məğlub edilərək öldürüldü.