Güvəndiyi adamlar isə onun tapşırığını yerinə yetirmirlər, uşaq sağ qalır və böyüyüb babasına qarşı çıxır. Astiaqın sarayındakı farsmeyilli qüvvələr də II Kirin hakimiyyətə gəlməsinə çalışırdılar. II Kir babası Astiaqa qarşı 3 il mübarizə apardı. O, e.ə. 550-ci ildə qələbə çalıb Ekbatan şəhərini tutdu. Beləliklə, Midiya dövləti süqut etdi. II Kir Midiya torpaqlarını ələ keçirib, Əhəmənilər sülaləsinin əsasını qoydu.
Midiya mədəniyyəti. Qədim yazılı mənbələr və əfsanələr Midiya tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Midiyada memarlıq inkişaf etmişdi. Suz sarayları, Ekbatanı əhatə edən yeddi cərgə divarlar, qırmızı kərpicdən tikilmiş hökmdar sarayı gözəl memarlıq nümunələridir.
Din. Astiaqın dövründə zərdüştilik Midiyada rəsmi dövlət dini idi.
Zərdüştilik e.ə. VII əsrdə meydana gəlmişdir. Müqəddəs kitabı “Avesta”dır. Zərdüşt təliminə görə, xeyir ilə şər, həqiqət ilə yalan arasında mübarizə gedir.