Neftli parçanı oxlara bağlayıb od vuraraq düşmən üzərinə və yanğın törətmək üçün evlərin damına atırdılar.
Midiyada daxili vəziyyətin pisləşməsi. Kiaksardan sonra hakimiyyətə onun oğlu Astiaq gəldi. Astiaqın dövründə Midiya zadəganlarının hüquqları məhdudlaşdırıldı. Bu, əyanların hökmdara olan rəğbətini və sədaqətini zəiflətdi.
Midiya sarayındakı farsmeyilli qüvvələr yaranmış şəraitdən istifadə edərək fəallaşdılar.
Beləliklə, Midiyanın daxili və xarici vəziyyəti çox mürəkkəbləşdi.
Midiyanın süqutu. Qədim yunan tarixçisi Herodot yazırdı ki, Astiaq hakimiyyətini itirməkdən çox qorxurdu. O, yuxu görmüşdü. Yuxuyozanlar demişdilər ki, qızından olan nəvəsi böyüyüb onu taxtdan salacaqdır. Astiaqın qızı fars vilayətinin hakimi Əhəmənilər nəslindən olan I Kambizlə evlənmişdi.
Astiaq yuxusunun gerçək olmasının qarşısını almaq üçün nəvəsi II Kirin öldürülməsi barədə gizli göstəriş verir.