Naxçıvanda Assur tipli qalaların tikintisi, Qarabağda Assura aid şirli qabın, Assur hökmdarı Adadnirarinin adı həkk olunmuş muncuğun tapılması Azərbaycan-Assur əlaqələrindən xəbər verir.
Gil kitabələr kitabxanası. Aşşurbanipal gil kitabələri toplayıb onların üzünü köçürmək haqqında əmr verir. On minlərlə kitabənin üzü köçürülərək Aşşurbanipalın sarayına gətirilir. Nəticədə, dünyanın ən qədim kitabxanalarından olan Nineva kitabxanası (“Aşşurbanipalın kitabxanası”) yaranır. Burada Assur və Babil əsatirləri, dastanlar, salnamələr, müxtəlif elm sahələrinə aid kitablar toplanmışdır.
Assur dövlətinin süqutu. Assur dövlətinə qarşı Midiya—Babil ittifaqı yarandı. Manna Assur dövlətinə hərbi yardım etsə də, Nineva müttəfiqlər tərəfindən işğal edilərək dağıdıldı. Əzəmətli hökmdar sarayına od vuruldu. Rəvayətə görə, sonuncu Assur hökmdarı əsir düşməmək üçün özünü oda atmışdı. E.ə. 605-ci ildə Assur dövləti süqut etdi. Onun torpaqları Midiya və Babil arasında bölüşdürüldü.
Assur dövlətinin inkişaf və tənəzzül dövrlərini müqayisə edin.