Assur dövlətinin ərazisini və onun təsir dairəsində olan ölkələri xəritədə göstərin.
Assur işğalları. E.ə. VIII-VII əsrlərdə Assur hökmdarları Babili, Suriyanı, Fələstini işğal etdilər. Urartu və Misiri ağır məğlubiyyətə uğratdılar.
Assurun paytaxtı Ninevanı “Aslanlar yuvası” və “Qan şəhəri” adlandırırdılar. Assur dəfələrlə, xüsusilə də hökmdar II Sarqonun dövründə Azərbaycanın cənub torpaqlarında yaranmış qədim Manna dövlətinin ərazisinə hərbi yürüşlər etmişdi. Lakin Manna Assur hakimiyyətinə tam tabe olmamışdır. Assur Urartuya qarşı Manna dövlətinin müttəfiqi olmuşdur.
Assur mədəniyyəti. Assur dövləti inkişaf etmiş mədəniyyətə malik olmuşdur. Assur hökmdarlarının sarayında divarlar Assur ordusunun qələbələrini əks etdirən şəkillərlə bəzədilirdi. Assur memarlarının inşa etdikləri gözəl şəhərlər, möhtəşəm saraylar, divar şəkilləri, sənətkarların hazırladıqları şirli qablar və gözəl əşyalar bu xalqın yüksək mədəniyyətini əks etdirir.
Assur mədəniyyətinin izlərinə Azərbaycanda da rast gəlinir.