Finikiyalı dəniz quldurları sahil kəndlərini qarət edir, adamları oğurlayır, sonra qul kimi satırdılar.
Koloniyalar*. Finikiyalılar Aralıq dənizi sahillərində və adalarında özlərinin daimi məskənlərini — koloniyalarını yaratmağa başlamışdılar. E.ə. XVI əsrdə İspaniyada, Şimali Afrikada və başqa ərazilərdə Finikiyanın koloniyaları yarandı. Finikiyanın Tir şəhərinin əhalisi tərəfindən Afrikanın şimalında Karfagen koloniyası salındı.
Sənətkarlar. Sahil şəhərlərində yaşayan əhali sənətkarlıq, ticarət və dənizçiliklə məşğul olurdu. Şəhərlər qala divarları ilə müdafiə olunurdu. Finikiya şəhərlərində sənətkarlar müxtəlif qablar, metal alət və məmulatlar hazırlayırdılar. Finikiya sənətkarlarının əl işlərinə böyük tələbat var idi. Bu malları almaq üçün Yunanıstandan və başqa ölkələrdən Finikiya şəhərlərinə çoxlu tacirlər gəlirdi.
Finikiya koloniyalarının yerini müasir xəritə üzərində müəyyən edin.
Finikiya və Misir yazısını müqayisə edin.
Ən qədim əlifba. Finikiyalılar 22 samit işarədən — hərfdən ibarət əlifba tərtib etmişdilər. Finikiya əlifbası əsasında sonralar yunan əlifbası yarandı. Yunanlar əlifbaya sait səslər də əlavə etdilər. Müasir əlifbaların çoxu Finikiya və yunan əlifbaları əsasında yaranmışdır.
* Koloniya | - bir dövlətin ərazisinə başqa yerdən köçüb gələnlərin yaşadığı yer |