Şumer incəsanatinın izlərini harada görürsünüz?
İnşaatda çiy kərpicdən istifadə olunurdu. Məbədlər təpələr üzərində tikilirdi. Məbəd divarları müxtəlif təsvirlərlə bəzədilirdi. Daş və mərmərdən heykəlciklər yonulurdu. Mesopotamiyada zərgərlik, silahqayırma və başqa sənət sahələri də inkişaf etmişdi. Sənətkarlar müxtəlif daşlardan möhürlər hazırlayırdılar. Bu möhürlərin üzərində insan, heyvan şəkilləri təsvir edilirdi. Şumerdə dama oyununun ilkin nümunəsi olan oyun lövhəsi də yaradılmışdı.
Şumerlilər maraqlı məzmuna malik olan əfsanələr, rəvayətlər yaratmışlar. Bu rəvayətlərdə dünyanın və insanın yaranmasından, eləcə də tanrılardan bəhs olunur.
Şumer mədəniyyəti haqqında təqdimat hazırlayın.