Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması. Bir yaşayış məskənində yerləşən bir neçə qohum qəbilə tayfa yaradırdı. Onların adət-ənənəsi eyni idi. Eyni mədəniyyətin daşıyıcıları idilər. Bir dildə danışırdılar.
Tədricən qüvvətli tayfalar qohum və zəif tayfaları öz ətrafında birləşdirirdi. Son Tunc — İlk Dəmir dövründə tayfa başçıları tədricən varlanmağa başladılar. Onlar geniş məhsuldar torpaqları ələ keçirir, yaşayış yerlərinin ətrafını möhkəm qala divarları ilə hasarlayır və keşikçi dəstələri yaradırdılar.
Son Tunc — İlk Dəmir dövründə tayfa başçıları, ağsaqqallar, hərbi rəhbərlər və kahinlər* varlandıqca, cəmiyyətdə sosial bərabərsizlik yarandı. Varlılar — əyanlar, kasıblar — icmaçı kəndlilər, qullar meydana gəldi. Beləliklə, ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri verirdilər.
Dəmir əmək alətləri və mizraq ucu
* Kahin — dini mərasimləri icra edən şəxs