Tunc dövründə insan xış alətini icad etdi. Xış ağacdan hazırlanırdı. Bununla da xış əkinçiliyi yarandı. Bu alətlə daha geniş torpaq sahələri şumlanır, bol məhsul yetişdirilirdi. Metal emalı və xış əkinçiliyi insanların əməyini daha da məhsuldar etdi. Bu ağır işlərlə kişilər məşğul olurdular. Ona görə də kişilərin nüfuzu getdikcə artdı. Əkin sahələri genişlənir, mal-qaranın sayı artırdı. Tədricən əkinçilik maldarlıqdan ayrıldı. Əkinçi və maldar icmalar formalaşdı. Bu, böyük ictimai əmək bölgüsü idi. Əkinçilər və maldarlar öz məhsullarını bir-biri ilə və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Sənətkarlıq inkişaf edirdi. Əkinçilər və maldarlar arasından sənətkarlar ayrıldı.
İnsanlar uzun müddət qəbilə icması halında yaşadılar. Onlar birlikdə işləyir, topladıqları məhsulu bərabər bölürdülər. İcma üzvlərinin sayı artdıqca təsərrüfat da genişlənirdi. Təsərrüfatı idarə etmək daha asan olsun deyə torpaq və mal-qara ayrı-ayrı ailələr arasında bölündü. Qonşuluq icması yarandı. Əldə olunan məhsul ayrı-ayrı ailələrin özünə məxsus olurdu.
Dulusçular sadə gil qablarla yanaşı, naxışlı və boyalı qablar da hazırlayırdılar. Metal əridilərək qəliblərə tökülür, silahlar, bəzək əşyaları və məişətdə istifadə edilən qablar hazırlanırdı. Toxuculuq, dəriişləmə də inkişaf edirdi.
Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfalari arasında iqtisadi-mədəni əlaqələrin yaranmasına təkan verdi.
Tunc dövrünə xas olan xüsusiyyətləri izah edin.
Qəbilə icmasının qonşuluq icmasından fərqi nə idi?