Roma heykəltəraşları yunanlardan çox şey öyrənmişdilər. Yunan heykəllərindən fərqli olaraq romalıların yaratdığı heykəllər insanın həm xarici görünüşünü dəqiq təsvir edir, həm də onların xarakterini açıb göstərirdi.
Roma poeziyası və elm. E.ə. I əsr və bizim eranın I əsrinin əvvəli Roma poeziyasının “qızıl dövrü” hesab edilir. Bu dövrdə şairlər Vergili və Lukretsi yaşayıb-yaratmışlar.
Romalıların yaratdığı latın əlifbasından indi də bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı istifadə edir.
Bu gün elmdə bitkilərin və heyvanların latın dilindəki adlarından istifadə olunur. Xəstəliklərin və dərmanların da adı latıncadır.
Romada Sezar dövründə tətbiq edilən təqvimdən müəyyən dəyişikliklərlə indi də istifadə olunur. Ayların latın adı da saxlanmışdır: sentyabr — “yeddinci”, dekabr — “onuncu” (Romada il mart ayında başlanırdı) deməkdir. İyul Yuli Sezarın şərəfinə, sonrakı ay isə Avqustun şərəfinə adlanmışdır.