Diktator, kolonlar, vandallar, german tayfaları, Mark Trayan
Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə senat ilə Sezar arasında gedirdi. Pompey və Krass senat adından iştirak edirdilər. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya* əyalətinə canişin təyin edildi. O, Romada hakimiyyəti ələ keçirmək istəyirdi. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, “Püşk atılmışdır!” deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar hücum zamanı o qədər cəld hərəkət etdi ki, Pompeyin müdafiəni təşkil etməyə zamanı olmadı. Sezarın qoşunları müqavimətə belə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
Pompeyin ordusu darmadağın edildi. Sezarla senat tərəfdarları arasında gedən vuruşmalar Romada vətəndaş müharibəsi* adlandırıldı. Senat əlacsız qalıb Sezarı ömürlük diktator* elan etdi.
* Qalliya - | e.ə. I əsrdə fransız xalqının soyunu təşkil edən qalların yaşadığı ərazi onların adı ilə Qalliya adlanırdı. |
* Vətəndaş müharibəsi - | bir ölkənin vətəndaşları arasında gedən silahlı mübarizə |
* Diktator - | dövləti idarə etməkdə qeyri-məhdud hüquqa malik olan şəxs |