E.ə. 123-cü ildə Tiberinin qardaşı Qay Qrakx xalq tribunu seçildi. O da torpaqların yoxsullara paylanmasını davam etdirdi. Qayın təşəbbüsü ilə yoxsul kəndlilərə dövlət anbarlarından ucuz qiymətə taxıl verildi. Qayın yoxsullara bu qədər səxavət göstərməsi senatın xoşuna gəlmədi. Romaya qoşun yeridildi. Küçə döyüşlərində Qayın çoxlu tərəfdarı öldürüldü. Bu döyüşlərdə Qay da həlak oldu.
Romada qulların üsyanını təsvir edin.
Bundan sonra torpaqların paylanması dayandırıldı. Torpağın satılıb-alınmasını qadağan edən qanun ləğv olundu. Varlılar yenə kəndlilərin torpaqlarını satın almağa başladılar.
Spartak üsyanı. E.a. 74-cü ildə Kapuya şəhərindəki qladiator məktəbində qullar qiyam qaldırdılar. 78 nəfər qul qaçaraq Vezuvi dağının zirvəsində düşərgə saldı. Üsyana Spartak başçılıq edirdi.
Ətraf malikanələrin qulları da Spartaka qoşuldular. Onlar Kapuyadan göndərilmiş hərbi dəstəni məğlub edərək xeyli silah ələ keçirdilər.
Senatın göndərdiyi qoşun Vezuvini mühasirəyə aldı. Üsyançılar üzüm tənəklərindən hördükləri nərdivanlarla gecə ikən sıldırım qayadan enərək romalıların üzərinə atıldılar və onları darmadağın etdilər.